İcmal
Məqalədə gələcək müəllimlərin xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqlarla işləmək bacarıqları araşdırılır və bu sahədə peşəkar kompetensiyaların for malaşdırılmasının cəmiyyət və dövlət üçün vacib məsələ olduğu vurğulanır. İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların məktəb sisteminə inteqrasiyasını və sosiallaşmasını təmin edir. Gələcək mütəxəssislərin inklüziv siniflərdə işləyərkən yüksək peşəkar kompetensiyalara yiyələnməsi onların həm nəzəri biliklərə, həm də praktik bacarıqlara sahib olmasını tələb edir. Bura fərdi yanaşma metodlarının mənimsənilməsi, tədris planlarının inklüziv prinsiplərə uyğun adaptasiyası, həmçinin uşaqların sosial və emosional inkişafını dəstəkləyən strategiyaların tətbiqi daxildir. Gələcək müəllimlərin yüksək peşəkar hazırlığı sistemində ən vacib məqsəd yalnız tələbələrin pedaqoji biliklərə yiyələnməsi üçün əlverişli şəraitin yaradılması ilə məhdudlaşmamalıdır. Bu proses, eyni zamanda onların yaradıcı potensialının, innovativ düşüncə qabiliyyətinin və yeni pedaqoji ideyalar irəli sürmək bacarığının məqsədyönlü şəkildə inkişaf etdirilməsini nəzərdə tutmalıdır. Məqalədə sağlamlıq imkanları məhdud uşaqlarla işləmək üçün tətbiq olunan texnologiya, metodik yanaşmalar əsaslandırılır və gələcək kadrların inklüziv siniflərdə işləməsi üçün onların inklüziv təhsil mühitinə hazırlığının vacib rol oynadığı qeyd olunur.
Açar sözlər
inklüziv, təhsil, cəmiyyət, inkişaf, inteqrasiya, tərbiyə
DOİ: 10.30546/2706-7858.2026.2.3014
Nəşr edilib: 2026-06-04, 20:00