Azərbaycan xalqının min illər boyu təhsillə bağlı yaratdığı zəngin sərvəti olan mənəvi dəyərlər xronoloji ardıcıllıqla və mərhələlərlə sistemli şəkildə öyrənilməmişdir. Xalqın tərbiyə və təhsil sahəsindəki zəngin irsini, maarifpərvər ziyalıların, görkəmli şəxsiyyətlərin mütərəqqi ideya və mülahizələrini, xeyriyyə cəmiyyətlərinin Azərbaycan ailələrinə təsirini və bu ailələrin inkişafına göstərdikləri köməklikləri öyrənməklə böyük uğurlar əldə etmək olar.
XX əsrin əvvəllərində insanlar arasında savadın yayılması, ailələrin övladlarını elm və təhsilə cəlb etmək istəyi açıq şəkildə nəzərə çarpırdı, lakin bir çox ailələr nə maddi, nə də mənəvi cəhətdən buna hazır deyildir. Bu kimi problemlərin aradan qaldırılması üçün “Cəmiyyəti-xeyriyyə”, “Nicat” və “Nəşri-maarif” xeyriyyə cəmiyyətləri qarşılarına bir çox vəzifələr qoymuşdur. Belə ki, bu cəmiyyətlər Bakıda və ona yaxın rayonlarda əhali arasında savadsızlığın aradan qaldırılması ilə bağlı axşam kursları açmış, müxtəlif xeyriyyə konsertləri, teatrlaşdırılmış tamaşalar, ədəbi, elmi və kütləvi mövzularda mühazirə və seminarlar təşkil etmiş, kasıb ailələrin uşaqlarının maddi xərclərini öz üzərlərinə götürmüş, onlara təqaüdlər ayırmışdılar.
Tədqiq edilən xeyriyyə cəmiyyətləri insanların bilik, savad, təhsil və xalqın mədəni səviyyəsinin yüksəldilməsi kimi humanitar ideyaların həyata keçirilməsi, eyni zamanda maddi baxımdan imkansız ailələrin uşaqlarının təhsilə cəlb edilməsi, onlara yardımların edilməsi ilə fərqlənirdi. Adları çəkilən xeyriyyə cəmiyyətlərinin fəaliyyəti bir daha sübut edir ki, onların vasitəsilə xalqın - yoxsullar, imkansızlar, kasıbların arxasında duran cəmiyyətin üzvləri onların hərtərəfli inkişafına şərait yaratmış
və gələcək nəsillər üçün nümunə olmuşdur.