İcmal
Regionların qeyri-bərabər inkişafı Azərbaycanda həm daxili, həm də xarici miqrasiyanın artmasına gətirib çıxarmışdır. Son otuz ildə ölkə əhalisinin böyük bir əksəriyyəti daha yaxşı iş imkanları, yüksək gəlir və keyfiyyətli təhsil əldə etmək məqsədi ilə regionlardan paytaxt Bakıya köç etmiş, nəticədə rəsmi olaraq şəhərin əhalisi 1,3 milyondan 2,4 milyonadək yüksəlmişdir. Bu proses bölgələrdə əmək resurslarının azalmasına və Bakı şəhərində həddindən artıq urbanizasiyaya səbəb olmuşdur. Eyni zamanda yüksəkixtisaslı mütəxəssislərin xaricə miqrasiyası – beyin axını son illərdə daha da güclənmişdir. Mövcud tədqiqatların nəticələrinə əsasən, gənclərin yarıdan çoxu daimi olaraq ölkəni tərk etmək niyyətindədir. Məqalədə daxili miqrasiyanın və beyin axınının əsas səbəbləri təhlil olunur. Analizlər göstərir ki, regionların balanslı və dayanıqlı sosial-iqtisadi inkişafı daxili miqrasiyanın miqyasını azaltmaqla yanaşı, xaricə beyin axınının da müəyyən qədər qarşısını ala bilər. Regionlarda infrastrukturun, sosial xidmətlərin, məşğulluq imkanlarının və həyat keyfiyyətinin artırılması insan kapitalının ölkə daxilində qorunmasına mühüm töhfə verir. Lakin beyin axınının tam qarşısının alınması üçün regional inkişaf siyasəti ilə yanaşı, ölkə miqyasında rəqabətqabiliyyətli əməkhaqqı səviyyəsi, elmi-tədris mühitinin gücləndirilməsi və şəffaf idarəetmənin təmin edilməsi zəruridir.
Açar sözlər
regionların inkişafı, beyin axını, xaricə miqrasiya, insan kapitalı, regional disbalans
DOİ: 10.30546/2706-7858.2026.1.243
Nəşr edilib: 2026-03-18, 20:00