İcmal
ChatGPT-dən turist bələdçisi kimi istifadə edən şəxslər, əsasən texnologiyanın ünsiyyət tərzindən və təqdim etdiyi məlumatların əhatəliliyindən müsbət təəssürat almışlar. Süni intellektin səmimi və dostcanlı cavab verməsi istifadəçi məmnuniyyətini artırsa da, tur planlaşdırması və müəssisə tövsiyələri kimi sahələrdə çatışmazlıqlar müşahidə edilmişdir. Belə ki, ChatGPT-nin təqdim etdiyi tur planları gəzinti məsafələrini nəzərə almadan hazırlanmış və bəzi məkan tövsiyələri ya uzaqda, ya da mənfi reputasiyaya malik olmuşdur. Bundan əlavə, məşhur və mükafatlı məkanların tövsiyələr arasında yer almaması, eləcə də təqdim olunan məlumatların bəzən adi və təkrarlanan məzmunlu olması süni intellektin insan bələdçilərinin təqdim etdiyi fərqli və maraqlı bilikləri tam əvəz edə bilmədiyini göstərir. Tədqiqat işində, həmçinin süni intellektin təqdim etdiyi məlumatlarda yanlışlıqların mövcud olduğu ortaya çıxarılmışdır. ChatGPT özünəinamlı və hər şeyi bilən üslub nümayiş etdirərək istifadəçilərdə “yanıltıcı etibar” yaratmışdır. Bu xüsusiyyət süni intellektin manipulyativ və dezinformasiya potensialına malik olduğunu göstərərək turist bələdçiliyi sahəsində etik və praktik riskləri gündəmə gətirir. Məqalədə süni intellektin turist bələdçiliyi sahəsində istifadəsi, onun üstünlükləri, çatışmazlıqları və etik riskləri barədə yeni elmi anlayışlar təqdim edilir, texnologiyanın inkişafına yönəldilmiş təkmilləşdirmələr üçün praktik tövsiyələr formalaşdırılmasına əsas yaradılır.
Açar sözlər
turist, bələdçi, suni intellekt, ChatGPT, Azərbaycan
DOİ: 10.30546/2706-7858.2026.2.3041
Nəşr edilib: 2026-06-04, 20:00