Gündəlik həyatda vacibliyinə və tətbiq sahələrinə görə “Elektrik” bəhsi təbiət elmləri, xüsusilə fizika fənninin tədrisində əsaslı mövqeyə sahibdir. Elektrik bəhsi ilə əlaqəli anlayışların öyrədilməsində istinad sistemi olan sadə elektrik dövrələrinin tam qavranılması təhsilalanların növbəti mövzulara keçid edə bilməsi baxımından olduqca vacibdir. Bu bəhsə dair fundamental anlayışların təhsilalanlara məhsuldar çatdırılması üçün yeni metod və vasitələrdən istifadə zəruriliyi yaranmışdır. Bu səbəblə də Pnevmatik Sistem Modelindən (PSM) istifadə edərək “hava nasosu – batareya”, “plastik rezervuar – lampa”, “plastik şəffaf boru – əlaqələndirici naqillər”, “krant – açar”, “plastik rezervuarın şişməsi – lampanın parlaqlığı” anlayışları arasında analoji əlaqələr qurulmuşdur. Bundan başqa, məqalədə praktiki nümunə kimi “elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” ixtisası üzrə hazırlanmış “Elektrotexnikanın əsasları” modul vəsaitinin birinci təlim nəticəsinin mövcud olan anlayış yayınmalarının aradan qaldırılması üçün pnevmatik dövrə modelindən istifadəsi göstərilmişdir.